İqlim ədaləti kompası: Qazaxıstan və Azərbaycanda ənənəvi ekoloji biliklər vasitəsilə iqlim məsuliyyətini idarə etmək
Foto: Qusar, Azərbaycan ©beeco |
Giriş
Bəzi insanlar hələ də qlobal konspirasiya nəzəriyyələrinə inansalar da, alimlərin 97%-i iqlim dəyişikliyinin real olduğunu və meşələrin qırılması, karbon-intensiv məhsul istehsalı və sənayevi heyvandarlıq kimi insan fəaliyyətlərinin böyük miqdarda istixana qazları istehsal edərək
bu prosesə səbəb olduğunu qəbul edir (NASA, n.d.).
İqlim dəyişikliyi artıq elmi mübahisə mövzusu deyil, çünki dünyadakı çoxsaylı sübutlar bunu açıq şəkildə göstərir. Məsələn, 21 iyul 2024-cü ildə dünya temperaturu ən yüksək səviyyəyə çatıb, 22 iyul 2024-cü ildə isə bu rekord yenidən təzələnib (Copernicus, 2024). Qlobal Cənub ölkələri iqlim dəyişikliyinin əsas yükünü daşısa da, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) regionu da istilik dalğaları, dəniz səviyyəsinin yüksəlməsi, meşə yanğınları və digər ekoloji böhranlar kimi ciddi təsirlərlə üzləşir.
EECCA regionu olaraq tarixən iqlim dəyişikliyinə az töhfə versək də, bu günlərdə dözülməz dərəcədə qızmar yaydan sağ çıxmaq üçün mini ventilyatorlardan istifadə etmək məcburiyyətindəyik. Eyni zamanda, qlobal karbon büdcəsi, yəni ektremal iqlim dəyişikliyinin qarşısını almaq üçün buraxa biləcəyimiz CO2 emissiya limiti indidən tükənib. Çünki sənayeləşmiş/inkişaf etmiş ölkələr lazımından artıq, yüksək emissiya buraxırlar. Beləliklə, iqlim dəyişikliyi tez-tez "Qərb dünyası"nın problemi kimi qəbul olunsa da, bizim də bu problemin təsirlərini dərin şəkildə yaşadığımız getdikcə daha da aydın olur.
Vəziyyətin nə qədər təcili olduğunu vurğulamaq üçün 2015-ci ildə imzalanan Paris Sazişinə nəzər salaq. Bu sazişin məqsədi qlobal temperatur artımını sənaye öncəsi səviyyədən 2°C-dən aşağıda saxlamaq və mümkün olduqda, bu artımı 1.5°C ilə məhdudlaşdırmaq idi (UN, 2015). Lakin Sənaye İnqilabından (IPCC, 2023) bəri temperatur artıq 1.2°C artıb ki, bu da yubadılmaz tədbirlərin görülməsinin vacibliyini göstərir. EECCA regionunda isə bu təsirlər artıq açıq şəkildə özünü göstərir. Misal üçün Mərkəzi Asiyada müşahidə olunan iqlim dəyişikliyi qlobal orta göstəricidən təxminən iki dəfə çoxdur və bu region dünyada ən sürətlə istiləşən nöqtələrdən birinə çevrilib (Fallah&Rostami, 2024) . Eyni zamanda, spesifik olaraq Qazaxıstanda orta illik temperatur 1901-2016 illər arasında 5.78°C yüksəlib (Climate Centre, 2022). Gələcəyə baxdıqda, proqnozlar göstərir ki, 2040-cı ilə qədər Qafqaz regionunda da temperatur əlavə 1.3-1.7°C artacaq. Bu da ümumi artımı 3.0°C-ə qədər çatdıra bilər (CPC, 2024).
Bundan əlavə, iqlim dəyişikliyi tez-tez "varlı" və ya "imtiyazlı" insanların problemi kimi qəbul edilir, lakin reallıqda bu, ölkələrimizdə bütün sosial və iqtisadi səviyyələrdə olan insanlara təsir edir. Buradan iqlim ədaləti anlayışına gəlirik. Yəni təkcə müxtəlif millət və bölgələr iqlim təsirlərini qeyri-bərabər şəkildə yaşamır, həmçinin eyni icma daxilində müxtəlif sosial və iqtisadi mənşəyə malik şəxslər də bu çətinliklər və məsuliyyətlərlə müxtəlif yollarla üzləşir. Bu fərqlilikləri nümayiş etdirmək üçün biz “İqlim Ədaləti Kompas”ını yaratmışıq. Bu, müxtəlif qrupların bu spektrdə harada dayandığını vizuallaşdırmağa kömək edən bir vasitədir. Məqalənin sonunda bu “kompas”da öz yerinizi müəyyən etmək və iqlim dəyişikliyinə qarşı görə biləcəyiniz konkret tədbirlər öyrənmək üçün testdən keçə bilərsiniz.
Bu gün Qazaxıstan və Azərbaycanda vəziyyət
Qazaxıstan və Azərbaycanda ekoloji vəziyyət getdikcə daha çox narahatlıq yaradır, çünki hər iki ölkə bir sıra ciddi problemlərlə üz-üzədir. Hava çirkliliyi, su qıtlığı, torpağın deqradasiyası, təbii fəlakətlər və tullantıların idarə edilməsi kimi məsələlər həm ətraf mühitə, həm də insanlara ciddi təzyiq göstərir. Bu problemləri daha da ağırlaşdıran isə geniş yayılmış ekoloji təhsil çatışmazlığıdır.
Qazaxıstanda torpaqların təxminən 75%-i təbii fəlakətlərə, o cümlədən qasırğalara, sürüşmələrə, daşqınlara və zəlzələlərə qarşı yüksək dərəcədə həssasdır. Hər il ölkədə 3,000-dən 4,000-ə qədər fövqəladə hallar baş verir ki, bu da yaralanmalara, insan itkilərinə və ciddi maliyyə zərərinə səbəb olur. İqlim dəyişikliyi isə mövcud vəziyyəti daha da pisləşdirir, daşqınlar, fırtınalar və quraqlıqların tezliyini artırır, eyni zamanda qida və su kimi əsas ehtiyatların qıtlığını daha da artırır (UNICEF Kazakhstan, n.d.).
Xüsusilə, uşaqlar bu fəlakətlərdən ən çox əziyyət çəkənlər sırasındadır. 2017-ci ildə Qazaxıstanda 1,200-dən çox uşaq müxtəlif səbəblərdən dünyasını dəyişib və bu ölümlərin təxminən 450-i yanğınla əlaqəli idi (UNICEF Kazakhstan, n.d).
Azərbaycan da eyni ekoloji problemlərlə üzləşir. Ölkə daşqın və su qıtlığı kimi təbii fəlakətlərə qarşı yüksək risk altındadır və bu riskləri idarəetmə qabiliyyəti məhduddur (ADB, 2021). Son üç onillikdə Azərbaycanın su ehtiyatları 20%-ə qədər azalıb və 2050-ci ilə qədər əlavə 15-20% azalma gözlənilir (ABC.az, 2023). 2025-ci ilə qədər Azərbaycan hər il adambaşına təxminən 972 kub metr su ilə, su ehtiyatları ən az olan 13 ölkədən biri ola bilər (UNICEF, 2023).
Daşqınlar da ciddi risklər yaradır və bir çox insan qəfil daşqınlar səbəbindən məcburi köçkün olma təhlükəsi ilə üzləşir. Daxili Məcburi Köçkünlər Monitorinq Mərkəzi (IDMC) (2022) hesab edir ki, təxminən 4,845 nəfər daşqınlar səbəbindən köçkün ola bilər. Həmçinin 2003-2006-cı illər arasında Bakıda aparılan tədqiqat göstərib ki, temperaturun cəmi 1.5°C yüksəlməsi qan dövranı, tənəffüs və sinir sistemi problemləri ilə bağlı təcili tibbi yardım çağırışlarının 20-34% artmasına səbəb olur (MENR&OHCHR, 2023).
Gələcəyə baxdıqda, vəziyyət daha da pisləşə bilər. Springmann və digərlərinin 2016-cı ildə apardığı bir tədqiqat xəbərdarlıq edir ki, ən pis iqlim ssenarisi altında 2050-ci illərdə Azərbaycanda qida çatışmazlığı səbəbindən hər milyon nəfərə 46.2 iqlimlə əlaqəli ölüm hadisəsi baş verə bilər.
Bu ekoloji problemlərə əlavə olaraq, iqtisadi məsələlər də ciddi təsir göstərir. Bəzi insanlar iqtisadi inkişafın birinci sırada gəlməli olduğunu iddia etsələr də, həm Qazaxıstan, həm də Azərbaycan ciddi iqtisadi maneələrlə üzləşir: Gəlir bərabərsizliyi kəskindir, şəxsi borclar artmaqdadır və bir çox insan qazandığından daha çox xərcləyir.
Qazaxıstanın böyük şəhərlərində işçilərin 90%-dən çoxu sosial-iqtisadi sabitlik üçün vacib olan orta təbəqəyə aid deyil. Bu işçilərin təxminən yarısı əsas yaşayış xərclərini ödəməkdə çətinlik çəkir və cəmi 4.4%-i orta təbəqə hesab olunacaq qədər qazanır. Orta gəlirdən yüksək gəlir əldə edənlər isə işçi qüvvəsinin cəmi 2%-ni təşkil edir (Jusan, 2023).
Azərbaycan da oxşar çətinliklərlə üzləşir. Əhalinin təxminən 2%-i yoxsulluq həddindən aşağı yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ailə gəlirlərinin 52%-dən çoxu ərzaq məhsullarına sərf olunur ki, bu da digər vacib xərclərə və ya uzunmüddətli həyat keyfiyyətinə yatırımlara çox az imkan yaradır.
Bu davam edən çətinlikləri əks etdirən 2024 Yaşam Keyfiyyəti İndeksi Azərbaycanı 85 ölkə arasında 63-cü, Qazaxıstanı isə 73-cü sırada yerləşdirir.
Karbon izini anlamaq
Təbii fəlakətlərin və ekoloji təzyiqlərin artan tezliyi iqlim dəyişikliyinə səbəb olan insan fəaliyyətlərinin böyük rolunu bir daha ortaya qoyur. Bu böhrana yalnız genişmiqyaslı sənaye emissiyaları deyil, gündəlik vərdişlərimiz də təsir edir. Bu da bizi karbon izi anlayışına gətirib çıxarır. Alimlərin 97%-i iqlim dəyişikliyinin əsas səbəbinin insan fəaliyyəti olduğunu qəbul etdiyi bir vaxtda, karbon izimizi anlamaq hər birimizin bu qlobal problemin həllinə necə töhfə verəcəyimizi dərk etmək üçün əsasdır (NASA, n.d.).
Karbon izi, sadə şəkildə desək, gündəlik fəaliyyətlərimiz nəticəsində yaranan ümumi istixana qazlarının miqdarını ifadə edir. İstifadə etdiyimiz enerjidən tutmuş nəqliyyat vasitələrinə qədər hər bir seçimimiz iqlimə təsir edir, bu səbəbdən fərdi məlumatlılıq və tədbirlər bu problemin həllində böyük rol oynayır.
Habelə effektiv iqlim tədbirləri üçün fərdlərin oynadığı çoxsaylı rolları nəzərə alan müxtəlif müdaxilələrin qarışığı tələb olunur: hökumətlər tərəfindən struktur dəyişiklikləri (“üst səviyyə” müdaxilələr), biznes və yerli idarəetmə orqanları tərəfindən dayanıqlı seçimlərin daha əlçatan və cəlbedici edilməsi (“orta səviyyə”) və fərdlərin qərar qəbulunu formalaşdırmaq üçün informasiya tədbirləri (“aşağı səviyyə”) (Hampton & Whitmarsh, 2023). Bununla belə, "aşağı səviyyə", yəni fərdlər böyük bir kateqoriyada toplanır və onlara təklif olunan tədbirlər çox vaxt konkret və ədalətli olmur.
Karbon izi anlayışı Qazaxıstan və Azərbaycanda bir çox insana uzaq və ya abstrakt görünə bilər, lakin reallıq budur ki, istifadə etdiyimiz elektrik enerjisi və ya seçdiyimiz nəqliyyat kimi kiçik, gündəlik seçimlər belə zamanla böyük təsir yaradır. Yuxarıda izah edildiyi kimi iqlim dəyişikliyi uzaq bir problem kimi görünə bilər, lakin onun təsirləri getdikcə daha çox görünür və həyatımıza daha çox təsir edir.
Kolonializm və Kapitalizmin İqlim Dəyişikliyinə Təsiri
Ədalətli həll üçün iqlim tədbirləri bu böhranın kolonial köklərini nəzərə almalıdır. İqlim dəyişikliyi sənayeləşməyə zəmin yaradan kolonizasiya dövründə insanların, heyvanların, torpağın və resursların istismarı ilə başladı. Müzakirələr tez-tez Sənaye İnqilabına yönəlsə də, bu prosesin irəliləməsində və iqlim dəyişikliyinin sürətlənməsində kolonializmin rolu nadir hallarda vurğulanır (Wilkens and Datchoua-Tirvaudey, 2022).
IPCC-nin II İşçi Qrupunun (2023) son hesabatı vurğulayır ki, kolonializm təkcə iqlim böhranının tarixi səbəbi deyil, həm də effektiv iqlim tədbirlərinə maneə törədən müasir bir amildir. Bu kökləri anlamaq ədalətli iqlim siyasətlərinin yaradılması üçün əsasdır. Son olaraq, kapitalizm bir çox icmaları iqtisadi cəhətdən sağ qalmaq üçün dayanıqlı mədəni ənənələrdən imtina etməyə məcbur edib. Bu isə bizi ənənə və mədəniyyətlərin əhəmiyyətini unutmağa vadar edib, halbuki onlar inkişaf edən bir iqtisadiyyatın vacib hissəsi kimi qəbul edilməli və hörmətlə yanaşılmalıdır (CJA, n.d.).
Ənənəvi Ekoloji Bilgi
Yerli bilik və uyğunlaşma vasitəsilə iqlim dəyişikliyinə qarşı mübarizənin zəruriliyi tez-tez diqqətdən kənarda qalır, halbuki bu yanaşma çox təsirli ola bilər (Ingty, 2017). Ənənəvi Ekoloji Bilgi (ƏEB) adlı anlayış nəsillər boyu ötürülən müdriklik və təcrübələri əhatə edir, yerli icmaların əsrlər boyu öz mühitləri ilə ahəng içində yaşamağı necə öyrəndiyini göstərir (Berkes, 1993). Dünya dəyişmiş olsa da və insanların min illər əvvəlki kimi yaşaması qeyri-mümkün görünsə də, ƏEB-i müasir təcrübələrə inteqrasiya etmək və təbiətlə birlikdə yaşamı davam etdirmək üçün hələ də çoxlu yollar var.
Köçəri türklərin ənənəvi təcrübələri mədəniyyət və dayanıqlılıq arasındakı əlaqənin təsirli bir nümunəsidir. Qədim türk xalqları, o cümlədən azərbaycanlılar və qazaxlar, təbiət və dayanıqlılıqla sıx bağlı olan köçəri maldarlıq həyat tərzi sürürdülər. Onlar heyvandarlığı mövsümi olaraq köçürərək, otlaqların həddindən artıq yeyilməsinin və torpağın deqradasiyasının qarşısını alırdılar ki, bu da torpağın və onun biomüxtəlifliyinin uzunmüddətli sağlamlığının qorunması üçün həyati əhəmiyyət daşıyırdı.
Onların köçəri həyat tərzi həm də ekoloji izlərini minimuma endirirdi. Daimi strukturlar tikmək və ya maddi əşyalar toplamaq əvəzinə, onlar yurtlar/alaçıqlar/kıyız uylarda — taxta, keçə və kətan kimi bioloji parçalanan və bərpa olunan materiallardan hazırlanan müvəqqəti çadırlarda yaşayırdılar (Astana Times, 2023). Bu yurtlar təbii şəkildə izolyasiya olunurdu, bu da istilik və soyutma üçün xarici enerji mənbələrinə ehtiyacı azaldaraq karbon izlərini daha da aşağı salırdı.
Türk xalqlarının təbiətlə dərin əlaqəsi biomüxtəlifliyin qorunmasına və dayanıqlı ekosistemlərin saxlanmasına kömək edirdi. Onların təcrübələri müasir dayanıqlılıq konsepsiyasından çox əvvəl ekoloji balans əsasında formalaşmışdı və bu gün də aktuallığını qoruyur. Maraqlıdır ki, bu ənənəvi təcrübələrin bir çoxu indi Qərb cəmiyyətlərində "təbiətdostu" adı altında yenidən tətbiq edilir (UNDP, 2021). Beləcə, qloballaşma dünyanın hər yerindən yeniliklərin mübadiləsi kimi bir çox faydalar gətirsə də, minillər boyu əcdadlarımız tərəfindən inkişaf etdirilmiş bilik və müdrikliyi unutmaq olmaz.
Dayanıqlı yaşam türk mədəniyyətində uzun müddət əsas dəyərlərdən biri olmuşdur. Məsələn, Qazax mədəniyyətində bunu "Bir ağac kəssən, yerinə on ağac ək" (Бір ағаш кессең, орнына он ағаш отырғыз) və "Bulaq görsən, gözünü aç/təmizlə" (Бұлақ көрсең, көзін аш) kimi atalar sözlərində görmək olar. Azərbaycan mədəniyyətində də oxşar müdriklik bu şəkildə nəsildən-nəslə ötürülüb: "Ağac əkənə rəhmət oxunar" və "Sulu el abad, susuz el viran olar". Zamanın sınağından çıxmış bu sözlər bizə təbiətin həyatımız və icmamız üçün nə qədər vacib olduğunu xatırladır.
Müasir dövrdə ənənəvi ekoloji bilgi
Azərbaycan və Qazaxıstanda müasir Ənənəvi Ekoloji Bilgi (ƏEB) haqqında məlumat və tədqiqatların məhdud olduğunu anlayandan sonra ətrafımızda müşahidə etdiyimiz ümumi praktikaları sənədləşdirməyə qərar verdik. Bu təcrübələr rəsmi olaraq qeydə alınmasa da, bu ölkələrdə yaşamaq bizə onların gündəlik həyatımızda necə davam etdiyini birbaşa görmək imkanı verib.
Məsələn, geniş yayılmış bir təcrübə yağış suyunun damlardan və ya küçələrdən kanallar və borular vasitəsilə toplanmasıdır. Həmin su evlərin yaxınlığında olan çəlləklərdə saxlanılır və kənd təsərrüfatı və ya hətta duş üçün istifadə olunur, çünki saçları yumşaltdığına inanılır. Digər bir nümunə isə Qəriz (qənat) adlı ənənəvi üsuldur ki, suyu yeraltı tunellər vasitəsilə çəkərək, cazibə qüvvəsi ilə sahələrə yönləndirir və bu da xüsusilə quraq bölgələrdə suyun sızması və buxarlanmasını azaldır. Qışda isə qar yığılaraq xalçaların təmizlənməsi və rənglərinin parlaq görünməsi üçün istifadə olunur.
Bu dayanıqlı təcrübələr təkcə su idarəçiliyində deyil. Azərbaycan və Qazaxıstan üçün dəqiq statistik məlumatlar mövcud olmasa da, Ritchie (2020) qeyd edir ki, qlobal ərzaq tullantıları qlobal istixana qazı emissiyalarının 6%-ə cavabdehdir. Əsas səbəb isə istixana qazlarından biri olan metanın CO2-dən 28 dəfə çox təsirə malik olmasıdır. Xoşbəxtlikdən, bu ölkələrin şəhərdən kənar ərazilərində yaşayan insanlar ərzaq idarəçiliyini mükəmməl şəkildə həyata keçirirlər ki, bu da tullantını əhəmiyyətli dərəcədə azaldır.
Misal üçün meyvə və tərəvəz qalıqları, həmçinin köhnə çörək ev quşlarına və mal-qaraya yem olaraq verilir ki, heç nə israf olmasın. Tezliklə xarab olacaq meyvələr daha uzun müddət qalsın deyə cem və ya "kompot" şəklinə salınır. Hətta xarab olmuş qatıq belə süzülüb yaxşı qabarsın deyə tort hazırlanmasında istifadə olunur.
Bundan əlavə, plastik torbaların cırılana qədər dəfələrlə istifadəsi, paltarların bacılardan qardaşlara, sonra isə qohumlara ötürülməsi dayanıqlığa olan uzunmüddətli bağlılığı göstərir. Bu da paltarların vaxtında tikilib, təmir edilərək yaxşı vəziyyətdə saxlanması ilə mümkün olur.
Yuxarıdakı nümunələr göstərir ki, bir vaxtlar zərurət üzündən yaranan ənənəvi təcrübələr indi karbon izini azaltmağa və ətraf mühiti qorumağa kömək edən dayanıqlı vərdişlərə çevrilib. Təəssüf ki, istehlakçılıq və kapitalizmin yüksəlişi ilə bu təbiətdostu vərdişlərin çoxu artıq edilmir, halbuki onlar bir zamanlar gündəlik həyatın təbii bir hissəsi idi.
Həmçinin dayanıqlı yaşamağın yoxsulluq və ya məhdud resursların göstəricisi olduğuna dair yanlış bir təsəvvür də var. Əslində isə bu, daha balanslı və rasional həyat tərzinə olan güclü məlumatlılığı və bağlılığı əks etdirir. Neokapitalizm (istehlakçılıq və iqtisadi artımı vurğulayan yanaşma) tez-tez uğuru həddindən artıq istehlakla ölçür. Buna görə maddi çətinliklərdən sonra insanların öz nailiyyətlərini bu cür göstərmək istəyi başa düşüləndir. Lakin bu fikirləri dəyişmək və həddən artıq istehlakdan daha çox, dayanıqlılığın daha sağlam və ədalətli bir gələcəyə aparan yol olduğunu qəbul etmək də vacibdir.
İqlim Ədaləti Kompası modelinə giriş
Tez-tez düşünülür ki, iqlimdostu tədbirlər hamı üçün eynidir, lakin maddi vəziyyəti çətin olan insanlardan ucuz, “fast fashion” (tərc. sürətli moda) seçimlər əvəzinə, dayanıqlı və yüksək keyfiyyətli geyimlər almağa və ya istehlaklarını azaltmağa çağırmaq real deyil. Sizcə də bu tövsiyələri, həqiqətən də, ehtiyacından artıq istehlak edən və daha böyük karbon izi olan insanlara yönəltmək daha ədalətli və təsirli olmazdımı?
Məhz buna görə biz İqlim Ədaləti Kompası modelini hazırladıq. Bu model sosial-iqtisadi status və iqlim məlumatlılığı əsasında müxtəlif qrupları nəzərə alaraq, sadə bir test vasitəsilə onlara iqlim dəyişikliyinə daha həssas olmaq üçün uyğun və praktik addımlar təklif edir. Beləliklə, adicə iki fərdin həyatının bir-birinə bənzəmədiyini nəzərə alaraq, bu test modeli fərdləri dörd fərqli həyat tərzinə ayırır və insanlara seçimləri və iqlimlə bağlı davranışları üzərində düşünməyə kömək edir.
(Şəkil: İqlim kompası)
İnsanlar tez-tez iqlim məsələləri haqqında yüksək məlumatlı olanların imtiyazlı, iqlim dəyişikliyi problemlərinə diqqət yetirmək üçün vaxt və resurslara sahib olduqlarını düşünürlər. Bu, qismən doğrudur və bu "aydınlanmışlar" (kompasın sağ üst hissəsində) imtiyazlarını qəbul edərək iqlim dəyişikliyinə qarşı mübarizədə təkrar emal edərək, daha az istehlak edərək və ekoloji kampaniyalara qoşularaq addımlar atırlar.
Digər tərəfdən (kompasın sol üst hissəsində), maliyyə və sosial cəhətdən təminatlı olmayan, lakin iqlim dəyişikliyini birbaşa təcrübə etdikləri üçün dərindən anlayan insanlar var — evlərini ya iş yerlərini itirən, çirkli hava və ya su qıtlığı ilə yaşayanlar və s.. Onları imtiyazlı adlandırmaq çətin olsa da, iqlim dəyişikliyinin reallığını əksəriyyətdən daha yaxşı başa düşürlər.
Növbəti olaraq, əsas məqsədləri gündəlik həyatda sağ qalmaq olduğu üçün iqlim məsələləri haqqında məlumatı olmayan insanlar var və onlar iqlim dəyişikliyini varlıların problemi kimi görə bilərlər. Onlar təcili ehtiyaclarını prioritetləşdirsələr də, iqlim tədbirlərindən kənarda qalmamalıdırlar. Təbiətdostu yaşamaq həm əlverişli, həm də faydalı ola bilər. Bəs onlar hansı addımları ata bilərlər?
Nəhayət, imtiyazlı, amma iqlim dəyişikliyinə daha az həssas insanlar var — onlar iqlim məsələləri üzrə maariflənmə üçün əsas hədəf qrupudur. Bu şəxslər ən böyük karbon izinə sahibdir, həddindən artıq istehlak edir, şəxsi nəqliyyat vasitələrindən asılı haldadır, tez-tez yüksək istehlaklı həyat tərzini təbliğ edən brendlər tərəfindən təbliğ edilirlər. Bununla belə, iqlimə həssas olmaq da artıq yeni bir "trend" hesab edilir və Leonardo DiKaprio, Mett Deymon və BTS kimi məşhurlar artıq bu mövzuya diqqət yetirir. Yəni bu qrup da daha dayanıqlı vərdişlərə keçmək potensialına malikdir. Bəs bu keçidi etmək üçün hansı addımları ata bilərlər?
Bu təsnifat göstərir ki, davamlı həyat tərzini təşviq edərkən "fərdləri" vahid və eyni düşüncədə olan bir hədəf qrup kimi görmək düzgün deyil, çünki hər kəsin həyat şəraiti çox fərqli ola bilər. Testi dolduraraq iqlim məsələləri üzrə profilinizə ən uyğun olan dörd kateqoriyadan hansına aid olduğunuzu öyrənə bilərsiniz.
Testə aşağıdakı linkdən keçid edə bilərsiniz:
Nəticə
Bu gün dayanıqlı təcrübələr tez-tez "Qərb" ideyaları kimi qəbul edilir və ya Qlobal Cənub ölkələrində, maliyyə problemlərinin geniş yayıldığı yerlərdə, o cümlədən Azərbaycan və Qazaxıstanda qeyri-praktik hesab olunur. Bir çox insan gündəlik həyatın çox tələbkar olduğunu və təbiətdostu olmağa fokuslanmaq üçün nə vaxtları, nə də pullarının olmadığını düşünür. Halbuki bu təcrübələr onsuz da mədəniyyətimizin bir parçasıdır. Kənd yerlərində insanlar Ənənəvi Ekoloji Bilgini (ƏEB) yalnız ətraf mühiti qorumaq üçün deyil, həm də praktik və qənaətli olduğu üçün gündəlik həyatlarının bir hissəsi kimi saxlayırlar. Amma təəssüf ki, bu ənənələr şəhər yerlərində çox vaxt unudulur.
ƏEB-i mədəni irsimizin əsas parçası və şəhərlərdə də davamlı yaşamağın praktik bir yolu kimi geri qaytarmağın vaxtıdır. Bununla köklərimizə yenidən bağlanırıq və anlayırıq ki, bu təcrübələr təkcə planet üçün deyil, həm də cibimiz üçün faydalıdır. Bitki mənşəli qidalar verən kafelərdə yemək yemək, eko-təşəbbüsləri dəstəkləmək və ya keyfiyyətli ikinci əl paltarlar almaq kimi sadə addımlar bu ənənələri yenidən canlandırmağa kömək edə bilər.
Azərbaycanda “Dama-dama göl olar” və Qazaxıstanda isə “Тамшыдан тама берсе, дария болар” (Damcı-damcı davam etsə, çay əmələ gələr) kimi ifadələr bu cür səylərin kiçik addımlarla da böyük dəyişikliklərə səbəb ola biləcəyini xatırladır.
Məqalədəki şəkillərin mənbələri
https://intangible.az/front/az/aboutExample/16665#prettyPhoto https://astanatimes.com/2023/01/on-the-move-with-home-in-tow-nomadic-lifestyle-is-made-possible-by-kazakh-yurt/
Comments
Post a Comment